Əziz həmkarlar!
Sizləri Azərbaycan İmplantoloq İctimai Birliyi adından hədsiz sevinclə salamlayır İmplantoloqların 4-cü Beynəlxalq Xəzər konfransında iştiraka dəvət edirəm. Zaman keçir hər şey dəyişir, yeniləşir, inkişaf edir. Bu dəyişikləri və inkişafı bir arada bölüşmək üçün elmi-praktik konfransların böyük əhəmiyyəti var. Dünyanın bir çox tanınmış mütəxəssizlərinin iştirak edəcəyi bu konfransda hər bir iştirakçı ona lazım olan məlumatları əldə edə biləcək. Belə ki, konfransda implantologiya ilə yanaşı ortodontiya, ortopediya, endodontiya, parodontologiya və s. kimi sahələrə xüsusi yer ayrılır. Nəzərdə tutulan konfrans önü kursların həkimlər və diş texnikləri üçün çox faydalı olacağına ümid edirik. Konfransın elmi proqramı eyni vaxtda iki zalda paralel olaraq iki gün ərzində davam edəcək. Konfransın rəsmi açılış mərasiminin Opera və Balet teatrında planlaşdırılması təsadüfi deyil, çünki rəsmi açılışdan sonra qonaqlar azərbaycan mədəniyyət incilərindən olan böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinə baxmaq şansı qazanacaqlar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu konfransda iştirakçılar elmi müzakirələrlə yanaşı azərbaycan mədəniyyəti ilə tanış olacaq, şəhərimizi gəzəcək, milli mətbəximizdən dadacaq, köhnə dostları ilə görüşəcək, yeni dostlar qazanacaqlar. Konfransla paralel iki gün ərzində keçiriləcək sərgidə bir çox firmalar həkimləri yeni texnika, texnologiya və avadanlıqlarla tanış etmək fürsəti əldə edəcəklər. Konfrans Beynəlxalq İmplantoloqlar konqresinin həmtəşkilatçılığı və dəstəyi ilə keçirilir. Konfransın bütün iştirakçılar üçün faydalı olacağına ümüd edərək onun işində hər kəsə uğurlar diləyirəm.
Hörmətlə, Dr. Cabbar Həsənov Konfransın Təşkilat Komitəsinin sədri